Willkommen auf den Seiten des Auswärtigen Amts

Şenqen vizası

Məqalə

3 aydan az müddət üçün Şenqen rəsmiləşdirilməsinə dair məlumat

Visaetikett
Schengen Visum © Auswärtiges Amt
Almaniyaya və ya Şengen zonasına yalnız qısa müddətə səyahət etmək istəyirsinizsə, Şengen vizası üçün müraciət etməlisiniz. Bu viza sizə Şengen zonasında hər 180 günlük müddət ərzində maksimum 90 gün qalmaq hüququ verir.Əgər yaşayış yeriniz Azərbaycandadırsa və əsas səyahət məqsədiniz Almaniyadırsa, viza müraciətinizə Almaniyanın xaricdəki diplomatik nümayəndəliyi baxır.Əgər Şengen zonasının bir neçə ölkəsinə səfər edirsinizsə və bu ölkələrdə qalma müddəti və səfər məqsədi baxımından fərq yoxdursa, ilk giriş ölkəniz Almaniya olduğu halda, viza müraciətinizə Almaniyanın diplomatik nümayəndəliyi baxır.

TLS Contact – Xidmət tərəfdaşı

Bütün Şengen viza müraciətləri yalnız kənar xidmət təminatçısı olan TLS Contact viza mərkəzi tərəfindən qəbul edilir.

TLS Contact bütün lazımi sənədləri və ödənilmiş viza rüsumunu Almaniyanın viza şöbəsinə təqdim edir və pasportun vətəndaşa geri qaytarılmasını təmin edir.
Viza müraciəti ilə bağlı qərar yalnız Almaniyanın xaricdəki diplomatik nümayəndəliyi tərəfindən verilir.
Müraciətlərin qəbul mərkəzinin ünvanı: Xocalı prospekti 37, Demirchi Tower biznes mərkəzi, 3-cü mərtəbə, Bakı, AZ1025, Azərbaycan.

Əlavə məlumat və kömək üçün TLS Contact-ın rəsmi internet saytına daxil ola və ya TLS Contact Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Şengen vizasını 7 (yeddi) addımda əldə edin

Viza proseduru ilə bağlı ümumi məlumatları və tez-tez verilən sualları (FAQ) nəzərə almağınızı xahiş edirik.

Müraciət edəcəyiniz səfərin məqsədindən asılı olaraq, viza üçün hansı sənədlərin tələb olunduğunu sizin üçün hazırladığımız yoxlama siyahılarında tapa bilərsiniz.

Bu səbəbdən, xahiş edirik, burada təqdim olunan məlumat vərəqələrini diqqətlə oxuyasınız.

Xahiş edirik, xidmət tərəfdaşımızın viza mərkəzində görüş vaxtı təyin edəsiniz. Bunun üçün TLS Contact şirkətinin internet səhifəsində görüş üçün gözləmə siyahısında qeydiyyatdan keçməyiniz tələb olunur.

Viza müraciətinizi planlaşdırılan səfərinizin başlanmasına ən tez altı ay qalmış təqdim edə bilərsiniz. Konkret səyahət planlarınız dəqiqiləşdirilən kimi sənədlərin hazırlanmasına başlamağınız tövsiyə olunur.

TLS Contact şirkəti gözləmə siyahısında növbəniz çatdıqdan sonra görüş vaxtının təyin edilməsi və müraciətin qəbulu üçün xidmət haqqı tutur.

Nəzərə alın ki, sənədlər təqdim edildikdən sonra ərizə, bir qayda olaraq, yalnız növbəti iş günü səfirliyə göndərilir. Sənədlər planlaşdırılan səfərin başlanmasına ən azı 10 təqvim günü qalmış səfirliyə daxil olmalıdır.

Viza mərkəzində görüş vaxtı təyin etmisiniz? Bu halda, təyin edilmiş vaxtda şəxsən viza mərkəzinə gələrək ərizənizi və tələb olunan sənədləri təqdim etməlisiniz. TLS Contact viza mərkəzinin əməkdaşları sizin tərəfinizdən hazırlanmış sənədləri qəbul edir və səfərinizin məqsədi ilə bağlı xüsusi halları dəqiqləşdirirlər. Bundan əlavə, müraciət etdiyiniz gün müvafiq viza rüsumlarını ödəməlisiniz. Biometrik məlumatlarınız qeydə alınır və müvafiq xidmət haqqı ödənilir. Əgər son 59 ay ərzində Şengen ölkələrindən birinin diplomatik nümayəndəliyinə Şengen vizası üçün müraciət etmisinizsə və həmin müraciət zamanı biometrik məlumatlarınız qeydə alınaraq sistemdə saxlanılıbsa, şəxsən iştirak etməyiniz tələb olunmur. Bu halda viza müraciətinizi etibarnamə əsasında səlahiyyətli nümayəndəniz vasitəsilə təqdim edə bilərsiniz. Lakin nəzərə alın ki, bu halda da əvvəlcədən görüş vaxtı təyin edilməlidir. Nəzərə alın ki, sənədlər təqdim edildikdən sonra müraciət, bir qayda olaraq, yalnız növbəti iş günü səfirliyə göndərilir. Sənədlər planlaşdırılan səfərin başlanmasına ən azı 10 təqvim günü qalmış səfirliyə daxil olmalıdır.

Bəzi hallarda sistemdə saxlanılan barmaq izləri, məsələn, onların keyfiyyətinin qənaətbəxş olmaması və ya texniki problemlər səbəbindən yeni müraciət üçün istifadə edilə bilmir. Belə hallarda barmaq izlərinizin yenidən götürülməsi üçün sizi təkrar dəvət edə bilərik.

Müraciətinizin yoxlanılması və onunla bağlı qərarın qəbul edilməsi yalnız səfirlik tərəfindən həyata keçirilir. Bu zaman təqdim edilmiş müraciət sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğunluq hər bir müraciət üzrə fərdi qaydada yoxlanılır. Nəzərə alın ki, sənədlər təqdim edildikdən sonra müraciət, bir qayda olaraq, yalnız növbəti iş günü səfirliyə göndərilir. Sənədlər planlaşdırılan səfərin başlanmasına ən azı 10 təqvim günü qalmış səfirliyə daxil olmalıdır.

Əlavə sənədlərin tələb olunduğu hallarda müraciətə baxılma müddəti daha uzun ola bilər. Müraciətinizin hansı mərhələdə olması ilə bağlı sorğuların, bir qayda olaraq, cavablandırılmadığını anlayışla qarşılamağınızı xahiş edirik.

Xahiş ediirk nəzərə alın ki, viza proseduru çərçivəsində şəxsi məlumatlarınız da toplanaraq işlənilir.

Müraciətinizə dair yekun qərar qəbul edildikdən və sənədlərinizə baxılma prosesi başa çatdıqdan sonra pasportunuz viza mərkəzinə geri göndərilir. Bundan sonra TLS Contact şirkəti sizə pasportunuzu təhvil ala biləcəyiniz barədə bildiriş göndərir. Pasportunuzu şəxsən viza mərkəzindən gəlib götürə bilərsiniz. Əgər viza müraciətinizi təqdim etdiyiniz zaman əlavə ödənişli poçt çatdırılması xidmətini sifariş etmisinizsə, pasportunuzun poçt vasitəsilə ünvanınıza göndərilməsi də mümkündür.

Viza etiketində sizin tam adınız, pasport nömrəniz və fotoşəkliniz göstərilir. Həmçinin, riayət etməli olduğunuz icazə verilən qalma günlərinin sayı qeyd olunur. Bundan əlavə, vizanın etibarlılıq müddəti də göstərilir. Bu müddət Şengen zonasına daxil ola və orada qala biləcəyiniz zaman aralığını müəyyən edir. (Lakin icazə verilən qalma günlərinin maksimum sayını aşmaq olmaz!) Yalnız vizanın etibarlılıq müddətinə diqqət yetirməklə kifayətlənməyin. İcazə verilən qalma günlərinin sayını da mütləq yoxlayın.

Viza aldıqdan dərhal sonra orada qeyd olunan bütün məlumatların düzgünlüyünü yoxlayın. Hər hansı bir səhv aşkar etdiyiniz halda, bu barədə vizanı vermiş viza şöbəsinə dərhal bu məlumatı bildirməlisiniz.

Şengen vizasının verilməsi özlüyündə Şengen zonasına daxil olmaq üçün hüquqi təminat yaratmır. Ölkəyə girişlə bağlı yekun qərar Şengen zonasının sərhədində sərhəd polisi tərəfindən həyata keçirilən pasport nəzarəti zamanı qəbul edilir.

Şengen zonasına yalnız vizanın etibarlılıq müddəti ərzində daxil olun və icazə verilən qalma günlərinin sayını aşmayın! Vacib məqam ondan ibarətdir ki, viza əsas səyahət istiqamətinizin yerləşdiyi ölkənin xaricdəki diplomatik nümayəndəliyi tərəfindən verilməlidir.

Əgər siz viza əvəzinə imtina qərarı almısınızsa, həmin qərarda müraciətinizin hansı səbəbdən rədd edildiyi göstərilir. Siz istənilən vaxt tam, əsaslandırılmış və yoxlanıla bilən sənədlərlə yenidən viza müraciəti edə bilərsiniz. Xaricdəki diplomatik nümayəndəliyin qəbul etdiyi qərara qarşı remonstrasiya (imtina qərararına etiraz və qərara yenidən baxılması üçün müraciət) təqdim etmək mümkün deyildir. Əlavə məlumatları imtina qərarından əldə edə bilərsiniz.

EES sistemi vasitəsilə Şengen zonasına qısamüddətli səfər (180 gün ərzində maksimum 90 gün) məqsədilə gələn şəxslərin ölkəyə giriş və ölkədən çıxış məlumatları rəqəmsal qaydada qeydə alınır.

Diqqət: Qeyri-ciddi viza agentlikləri!

Səfirliyimiz heç bir vasitəçi və ya agentliklə əməkdaşlıq etmir. Viza proseduru üçün yalnız Səfirlik tərəfindən müəyyən edilmiş viza rüsumu və yuxarıda qeyd olunan viza mərkəzi TLS Contact-ın xidmət haqqı ödənilməlidir.

Görüş vaxtının (terminin) qeydiyyatı yalnız onlayn qaydada həyata keçirilə bilər. Agentliklərin və ya turizm şirkətlərinin görüş vaxtı təyin etmək üçün sizdən fərqli hər hansı bir imkanı və ya görüş sistemə xüsusi çıxışı yoxdur. Onlar sizin özünüzün təyin edə biləcəyiniz vaxtlardan başqa görüş vaxtları da təyin edə bilməzlər.

Bu səbəbdən görüş vaxtının təyin edilməsi üçün hər hansı agentliyə və ya turizm şirkətinə müraciət etməyinizə ehtiyac yoxdur. Əlavə ödəniş müqabilində daha erkən görüş vaxtı təklif edilmir.

Pasportların, ərizə formalarının və məlumat vərəqələrinin verilməsi ödənişsizdir.

Saxta vədlər verən dələduzlara qarşı diqqətli olun! Saxta sənədlərin təqdim edilməsi viza müraciətinizin rədd edilməsinə və Sizə qarşı bir neçə il müddətinə ölkəyə giriş qadağasının tətbiq edilməsinə səbəb olacaqdır! Sənədlərin üçüncü şəxslər tərəfindən Sizin xəbəriniz olmadan hazırlanması və ya toplanması halında belə Siz viza ərizəsi ilə təqdim edilmiş sənədlərə görə məsuliyyət daşımağa davam edirisiniz.

Səhifənin əvvəlinə