Willkommen auf den Seiten des Auswärtigen Amts

Şengen vizası üçün müraciət etməyə dair ümumi məlumatlar

Məqalə

Əgər Siz 180 günlük müddət ərzində maksimum 90 gün və beləliklə, ildə 180 gündən artıq olmamaq şərtilə Almaniyada və ya Şengen ölkələrində qalmaq istəyirsinizsə (məsələn, işgüzar səfər, ailə üzvlərinə və tanışlara baş çəkmək, turistik səyahət məqsədilə), o zaman Sizə Şengen vizası (C vizası) lazımdır.

Üçüncü ölkəyə (qeyri-Şengen dövləti) səfər edən və Almaniyanın hər hansı hava limanında təyyarə dəyişmək istəyən Azərbaycan vətəndaşlarına beynəlxalq tranzit ərazində qaldıqları və pasport nəzarəti məntəqəsindən keçmədikləri təqdirdə heç bir tranzit vizası lazım deyildir. Bu yalnız Frankfurt/Mayn və Münhen hava limanlarında habelə zaman məhdudiyyəti olmaqla Hamburq, Düsseldorf, Köln-Bonn və Berlin hava limanlarında mümkündür. Əvvəlcədən öz səyahət  büronuzdan və ya hava yollarından tranzit ərazidən çıxmalı olacağınız terminal dəyişikliyinin zəruri olub-olmayacağını dəqiqiləşdirin. Əgər Siz Azərbaycan vətəndaşı deyilsinizsə və hava limanı üçün tranzit vizaya ehtiyac olub-olmadığını bilmək istəyirsinizsə  bu barədə məlumatları buradan əldə edə bilərsiniz. 

Əgər Siz 90 gündən artıq  Almaniyada qalmaq istəyirsinizsə məs.: təhsil, iş və ya ailə birləşməsi məqsədilə, bu halda  Sizə milli viza (D-vizası) lazımdır. Xahiş olunur bunun üçün Siz milli viza almaq məqsədilə müraciət etmək qaydalarına dair ümumi məlumatlara və məlumat vərəqələrinə nəzər salın.

Şengen ərazisinə 29 dövlət daxildir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İslandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya və Yunanıstan.

Şengen vizası Şengen ərazisində qısa müddət hər 180 gün müddətində ən çox 90 gün qalmaq icazəsi verir. Beləliklə iki illik viza (C-2) hər dəfəsi 90 gün olmaqla dörd dəfə qalmaq icazəsi verir. Əgər Siz artıq 90 gün Şengen ərazisində qalmısınızsa, növbəti dəfə Siz yenidən bu əraziyə 90 gün ötüb keçdikdən sonra səfər edə bilərsiniz. Burada siz vizanızla birlikdə əvvəlki qalma məlumatlarınız daxil edə və ölkəyə nə vaxt və nə qədər müddətə yenidən daxil ola biləcəyinizi yoxlaya bilərsiniz. Şengen vizası ilə qalma müddəti haqqında əlavə məlumatı burada tapa bilərsiniz.

Bakıdakı Alman Səfirliyi o halda Sizin viza müraciətiniz üçün cavabdehdir ki, Sizin daimi yaşayış yeriniz Azərbaycan ərazisindədir (daimi yaşayış yeri Azərbaycandan xaricdə olan Azərbaycan vətəndaşları viza üçün yaşadıqları yer üzrə cavabdeh olan nümayəndəliyə müraciət etməlidirlər) və

  • yalnız Almaniyaya səfər edirsiniz və ya

  • Siz müxtəlif ölkələrə səfər edəcəksiniz lakin səfərin müddətinə və məqsədinə görə Almaniya əsas səfər edəcəyiniz ölkə olacaqdır və ya

  • əsas səfər məqsədi yoxdur və Siz ilk əvvəl Almaniyaya səfər edəcəksiniz

Əgər Siz qanuna uyğun şəkildə Azərbaycanda yaşayırsınızsa, Bakıdakı Alman Səfirliyi Sizin müraciətinizi qəbul etməyə görə cavabdehdir. Beləliklə Siz öz Azərbaycanda qanunauyğun  yaşamağınızı məs.: yaşamaq haqqında icazənizi göstərməklə sübut etməlisiniz. Bu icazə Şengen ərazisindən çıxmaq üçün nəzərdə tutulan tarixdən ən az üç ay etibarlı olmalıdır.

Viza ərizələrinin qəbul edilməsi kənar xidmət şirkəti TLScontact tərəfindən həyata keçirilir. Viza sənədlərinin qəbul mərkəzinin ünvanı aşağıdakı kimidir: Xocalı prospekti 37, Dəmirçi Biznes Mərkəzi, AZ1025 Bakı, Azərbaycan.

Müraciətlər yalnız əvvəlcədən qəbul vaxtı təyin olunduqdan sonra qəbul edilir. Ərizənizi təqdim etmək istəyirsinizsə, burada görüş üçün gözləmə siyahısında qeydiyyatdan keçin.

Bu səhifədə Siz həmçinin qəbul saatlarını görə bilərsiniz.

Ərizə-anket habelə ayrı-ayrı səfər məqsədləri üçün məlumat vərəqələri TLScontact və səfirlik tərəfindən ödənişsiz verilir və ya  www.baku.diplo.de/viza  internet səhifəsindən əldə edilə bilər. Səfirlik ayrı-ayrı hallarda əlavə sənədlərin tələb etmə hüququnu özündə saxlayır. Sənədlərin tam şəkildə verilməsi  avtomatik olaraq vizanın verilməsini bildirmir.

İngilis və ya alman dillərində tərtib edilməyən bütün sənədlər ingilis və ya alman dillərinə notarial qaydada təsdiq edilmiş tərcüməsi ilə birlikdə təqdim edilməlidir.

Səfirlik səyahət büroları ilə əməkdaşlıq etmir.

Vizaya dair bütün suallar üçün məlumat qaynar xətti habelə kənar xidmət şirkəti TLScontact ilə əlaqə saxlamaq üçün məlumatları buradan əldə edə bilərsiniz.

Viza rüsumu Azərbaycan vətəndaşları üçün 35,00 avrodur, 12 yaşdan kiçik uşaqlar isə rüsumdan azaddır.

Qeyri-Azərbaycan vətəndaşları üçün rüsumlara dair və ya rüsumdan azadolmalar barədə məlumatları buradan əldə edə bilərsiniz: www.baku.diplo.de/viza. Rüsumdan azad olmaq üçün sübutlar sənəd verərkən təqdim edilməlidir.

Viza rüsumunun ödənilib-ödənilməməsi haqqında qərar yalnız sənədlər Səfirliyə daxil olduqdan sonra viza şöbəsi tərəfindən təyin edilir. Rüsumun məbləği pasport geri qaytarılarkən təqdim edilən mədaxil qəbzində əks olunacaqdır. 

TLScontact şirkətinin xidmətlərinin ödənişi Şengen vizası üçün 30 Avro təşkil edir və viza müraciəti üçün qəbul vaxtının qeydiyyatı zamanı onlayn qaydada Azərbaycan manatı ilə ödənilməlidir. Şirkətin xidmət haqqı yuxarıda qeyd olunan viza rüsumuna əlavə olaraq ödənlir. TLScontact tərəfindən təklif edilən digər əlavə xidmətlərindən (məs.:pasport şəkilinin çıxarılması) yararlanmaq könüllü şəkildə mümkündür.

12 yaşına çatmış hər bir ərizəçinin əl barmaq izləri götürülməlidir. Bu barmaq izləri 59 ay müddətində Avropa İttifaqının viza məlumat sisteminin yaddaşında saxlanılır. Əgər Siz ilk dəfə Şengen vizası üçün müraciət edirsinizsə və ya Sizin barmaq izləriniz səfirlikdə və ya digər Şengen dövlətlərinin nümayəndəlikləri tərəfindən son 59 ay ərzində götürülməyibsə bu halda Siz sənədlərinizi şəxsən gətirmək məcburiyyətindəsiniz. Əks halda yenidən viza üçün müraciət edərkən sənədlərinizi Sizin səlahiyyətli nümayəndəniz də gətirə bilər. Etibarnamənin nümunəsini buradan baku.diplo.de/viza əldə edə bilərsiniz. 59 ay keçdikdən sonra barmaq izləri yenidən verilməlidir.

Viza üçün müraciət nəzərdə tutulan səfərdən 6 ay əvvəl təqdim edilə bilər.  Bir qayda olaraq planlaşdırılan səfərin başlanmasından ən az 15 təqvim günü əvvəl viza üçün müraciət edilməlidir.

Viza şöbəsi tam şəkildə təqdim olunmuş müraciətlərə bir qayda olaraq sənədlərin viza şöbəsinə daxil olduğu tarixdən (TLScontact-a təqdim edildiyi tarixdən deyil) 10 təqvim günü ərzində baxır. Sənədlərin işlənmə müddəti ayrı-ayrı hallarda 30 təqvim gününədək uzadıla bilər, xüsusilə əlavə yoxlanış zərurəti yarandığı hallarda. Bundan başqa xahiş olunur  nəzərə alasınız ki, bayram günləri ərəfəsində (Novruz, Milad/Yeni il) və yaya aylarında işlənmə müddəti vaxtaşırı uzana bilər. Bu səbəbdən xahiş olunur Viza üçün mümkün qədər vaxtında müraciət edin.

Ərizənizin işlənməsinin hansı mərhələdə olduğu barədə məlumatı istənilən zaman TLScontact -ın internet səhifəsindən əldə edə bilərsiniz.

Xahiş olunur ilk növbədə səfirliyin buraya aid müvafiq məlumat vərəqəsinə nəzər salın. Hər bir halda viza almaq üçün yalnız dəvətnamənin təqdim olunması kifayət etməyəcəkdir.

Öhdəlik haqqında bəyannamələr dəvət edən şəxsin yaşayış yerindəki Miqrasiya idarələri tərəfindən verilir. Bu bəyannamələr səfirliyə sənəd verərkən altı aydan köhnə olmamalıdırlar.

İşgüzar dəvətnamələrdə xahiş olunur fikir verin ki, dəvətnamə şirkəti təmsil etmə hüququna malik əməkdaş tərəfindən imzalanmış olsun. Təmsil etmə hüququ ticarət məcəlləsi, ticarət reyestri və ya şirkətdaxili etibarnamələr əsasında müəyyən olunur. Tələb olunduğu təqdirdə etibarnamələr təqdim olunmalıdır.

İşgüzar və ya tibbi müalicə məqsədli dəvətnamələrdə və ya dəvət məktublarında müşayiətçi şəxsin (həyat yoldaşı, az yaşlı uşaqlar) olduğu kimi müşayiətçi qismində dəvət olunduğu bildirilməli və dəvətnamədə adı qeyd olunmalıdır.

Dəvətnamənin əvvəlcədən poçt, faks və ya email vasitəsilə əvvəlcədən və ya paralel göndərilməsinə ehtiyac yoxdur. 

Viza üçün servis şirkəti TLScontact vasitəsilə müraciət edərkən pasportun geri verilməsi də həmçinin 

VisaMetric vasitəsilə həyata keçiriləcəkdir. TLScontact pasportun geri göndərilməsi üçün ödənişli kuryer xidməti də təklif edə bilər. Bu xidmət üçün artıq ərizə verərkən rüsum ödənilməlidir.

Xahiş olunur pasportu əlinizə aldıqdan sonra bütün məlumatların rüsum da daxil olmaqla düzgünlüyünə fikir verin.  Sikayətlərinizi dərhal Səfirliyin viza şöbəsinə bildirin (TLScontact -a deyil).

Açıq şəkildə nəzərə çatdırılır ki, viza avtomatik olaraq ölkəyə daxil olmaq hüququnun olduğunu bildirmir. Son qərar ölkəyə daxil olarkən sərhəd keçid məntəqələri tərəfindən verilir. Məsləhət görülür ki, viza üçün müraciət zamanı təqdim etdiyiniz əsas sənədlərinizin (xüsusilə dəvətnamə/otel reservasiyası, maliyyə vəsaiti haqqında sübüt və səfər üçün tibbi sığorta) əslini ölkəyə səfər edərkən  özünüzlə götürün.

Sizin ərizənizə imtinanın səbəbləri imtina cavabı vərəqəsində öz əksini tapmışdır. Xahiş olunur nəzərə alın ki, Siz müvafiq məlumat vərəqəsində sadalanan sənədləri tam şəkildə təqdim etmiş olsanız belə, imtina cavabı ala bilərsiniz. Sənədlərin hamısının təqdim olunması viza verilməsinə zəmanət vermir.

1.07. 2025-ci il tarixindən sonra çap edilmiş vizadan imtina bildirişlərinə qarşı heç bir müraciət mümkün deyil.

Səfirliklərə və baş konsulluqlara edilən müraciətlərin heç bir hüquqi qüvvəsi yoxdur və artıq onlara baxıla bilməz. 1.07.2025-ci il tarixindən sonra qəbul olunmağınız barədə bildiriş almayacaqsınız və vizadan imtina bildirişləri ilə bağlı müraciətlərin statusu barədə sorğulara cavab verilməyəcəkdir.

Viza müraciəti rədd edildikdən sonra imkanlar

Viza müraciəti rədd edildikdən sonra iki imkanınız var:

Bu viza müraciətində siz bütün müvafiq sənədləri və təsdiqləri yenidən təqdim etməlisiniz. Bu viza müraciətinə də müvafiq hüquqi vəziyyət əsasında qərəzsiz baxılacaq.

Bu məqsədlə vəkil cəlb edə bilərsiniz; lakin bu məcburi deyil. Bununla belə, ayrıca vəkil xidməti ilə bağlı rüsumlar tətbiq oluna bilər.

Məhkəmə xərclərinin məbləği son nəticədə məhkəmə tərəfindən müəyyən edilir. Bu, tələb olunan vizaların sayından asılıdır.

Əlavə məlumatı Berlin İnzibati Məhkəməsinin saytında tapa bilərsiniz.

Şikayət iddiası haqqında məlumat

Viza müraciətinizi rədd edən qərar barədə bildiriş aldıqdan sonra Berlin İnzibati Məhkəməsinə iddia qaldıra bilərsiniz. Siz imtina bildirişinizdə müvafiq hüquqi vasitələrlə bağlı təlimatları tapa bilərsiniz. Əlavə təfərrüatları hüquqi müdafiə vasitələrinə dair bu təlimatda tapa bilərsiniz.

İddianın verilməsi üçün son tarix, adətən, müvafiq qərarın bildirilməsindən sonra bir (1) aydır. Həmçinin nəzərə alın: məhkəmənin dili alman dilidir (Məhkəmə Konstitusiya Aktının 184-cü maddəsi).

Təəssüf ki, məhkəmə prosesinin müddəti ilə bağlı heç bir məlumat vermək mümkün deyil. Məhkəmə icraatının dəqiq müddətini və gedişatını məhkəmə müəyyən edir.

Səhifənin əvvəlinə