Willkommen auf den Seiten des Auswärtigen Amts

Kvota əsasında qısamüddətli əmək fəaliyyəti (Yaşayış haqqında Qanununun 19c I maddəsi və Məşğulluq Qaydalarının 15d maddəsinə əsasən)

Məqalə

Ümumi qeydlər

  • Alman və ya ingilis dilində tərtib olunmamış sənədlər, müvafiq qaydada təsdiqlənmiş alman dilinə tərcüməsi ilə birlikdə təqdim edilməlidir.

  • Natamam viza müraciətlərinin müsbət nəticələnmə ehtimalı yoxdur. Əgər sənədlər toplusu natamamdırsa, viza prosesi üçün tələb olunan bütün sənədləri əldə etdikdən sonra görüş təyin etməyinizi tövsiyə edirik; bu, müraciətinizin rədd edilməsi ehtimalının qarşısını almağa kömək edəcəkdir.

  • Sertifikatlar, diplomlar və bu kimi sənədlərin əsli təqdim olunmalıdır. Müraciətinizə baxıldıqdan sonra sənədlərin əsli Sizə geri qaytarılacaq.

  • Bir qayda olaraq, viza üçün səlahiyyətli Miqrasiya İdarəsinin (Ausländerbehörde) və ya Federal Məşğulluq Agentliyinin (Bundesagentur für Arbeit) razılığı tələb olunur. Viza yalnız bu təsdiq alındıqdan sonra verilə bilər.

  • Standart baxılma müddəti 12 həftəyə qədərdir.

  • Viza müraciəti üçün uçuş bileti tələb olunmur – xahiş edirik, viza aldıqdan sonra uçuş biletinizi alın.

  • Viza şöbəsi əlavə sənədlər tələb etmək hüququna malikdir.

  • Xahiş edirik, standart baxılma müddəti ərzində müraciətinizin statusu ilə bağlı sorğular göndərməyəsiniz. Bu cür sorğular viza şöbəsinin iş yükünü əhəmiyyətli dərəcədə artırdığı üçün onlara cavab verilmir.

  • Viza rüsumu 75 avro təşkil edir və nağd şəkildə, manat ilə (AZN) ödənilməlidir.

Ümumi məlumatlar

Alman işəgötürənləri qısamüddətli və mövsümi xarakterli iş artımını tənzimləmək məqsədilə, peşə ixtisasından asılı olmayaraq, xarici ölkə vətəndaşlarını müəyyən edilmiş müddətə işə cəlb edə bilərlər.

Bu çərçivədə Federal Məşğulluq Agentliyi (BA) mövcud tələbatı nəzərə alaraq hər il üçün icazə verilən maksimal işçi sayını (qlobal kvotanı) müəyyən edir. Bu qərar konkret iqtisadiyyat sahələrinə və ya peşə qruplarına şamil oluna, yaxud bəzi sahələri tamamilə istisna edə bilər. Federal Məşğulluq Agentliyi əmək bazarındakı cari vəziyyətə uyğun olaraq kvota şərtlərini istənilən vaxt dəyişmək hüququna malikdir.

Bu qalma məqsədi çərçivəsində Siz 12 aylıq dövr ərzində Almaniyada maksimal səkkiz ay yaşaya və işləyə bilərsiniz.

Nəzərə alın ki, bu, müvəqqəti xarakterli bir qalma məqsədidir. Ölkə daxilində ailənin birləşməsi və ya qalma müddətinin uzadılması bir qayda olaraq mümkün deyil.

Aşağıdakı sənədlər siyahısı müraciətinizin tam olub-olmadığını yoxlamağa imkan verir. Sadalanan bütün sənədlər tələb olunan formatda və ardıcıllıqla təqdim edilməlidir.

Viza müraciəti üçün yoxlama siyahısı

Hər bir müraciət üzrə aşağıdakı sənədlər tam dəst şəklində (əlavə olaraq orijinalları ilə birlikdə) təqdim edilməlidir. Sənədlərin ölçüsü A4 formatından böyük olmamalıdır

⬜Tam doldurulmuş və imzalanmış bir (1) ərizə forması və Yaşayış haqqında Qanunun 18-ci maddəsinin 2-ci bəndinin Nr.4a uyğun olaraq təlimat

⬜Əgər lazım gələrsə, əlaqə saxlanılması və səlahiyyətləndirmə ilə bağlı tam doldurulmuş və imzalanmış bir (1) bəyannamə (yalnız Sizinlə birbaşa əlaqə saxlanılmasını istəmədiyiniz halda təqdim edilməlidir). 

⬜Son dövrdə çəkilmiş, pasport standartlarına uyğun aktual bir (1) biometrik fotoşəkil (format üçün nümunəyə baxın)

⬜Etibarlı pasport (sahibi tərəfindən imzalanmış, ən azı üç (3) tam boş səhifəsi olan və ümumilikdə  ən azı 15 ay etibarlılıq müddəti qalan)

⬜Şəxsiyyət vəsiqəsi və ya — Azərbaycan vətəndaşı olmayanlar üçün — Azərbaycanda yaşamaq üçün etibarlı icazə sənədi (əsli + 1 surət)

⬜Etibarlı pasportunuzun məlumat səhifəsinin bir (1) surəti

⬜Ərizəçi tərəfindən yazılmış motivasiya məktubunun əsli; burada nəzərdə tutulan səfərlə bağlı gözləntilər, bu səfərdən gözlənilən peşəkar və şəxsi faydalar, həmçinin səfər başa çatdıqdan sonrakı gələcək planlar əks olunmalıdır

⬜Ərizəçi tərəfindən tərtib edilmiş, təhsil tarixçəsini və əgər varsa peşə təcrübəsini boşluq olmadan özündə əks etdirən ətraflı tərcümeyi-halın (CV) əsli

⬜Federal Məşğulluq Agentliyinin (ZAV) ilkin razılığı (surəti)

⬜İşəgötürən tərəfindən doldurulmuş və imzalanmış forma (surəti): “Məşğulluq münasibətlərinə dair bəyannamə” və ona "Əlavə D" (surəti). Bütün sualların cavablandırıldığına və doldurulduğuna əmin olun.

⬜İşəgötürənin təsdiq sənədinin surəti (sənəddə aşağıdakı məlumatlar əks olunmalıdır):

- Nəzərdə tutulan iş üzrə əməkhaqqının Tarif Müqavilələri Qanununun § 3 və ya § 5-ci   maddələrinə uyğun olan kollektiv müqavilə ilə tənzimlənməsi

- Həftəlik iş vaxtının minimum 30 saat təşkil etməsi

- Məşğulluğun icbari sosial sığortaya tabe olması

- İş şəraitinin qüvvədə olan tarif müqaviləsinin tələblərinə tam cavab verməsi

- Gediş-gəliş (yol) xərclərinin tam şəkildə qarşılanması 

- Bu qaydaya əsasən, xarici vətəndaşlar istənilən on iki aylıq dövr ərzində qəbul edən şirkətdə maksimal on ay işlə təmin oluna bilərlər

⬜Müvafiq hallarda: Tənzimlənən peşə fəaliyyəti üçün iş icazəsi (əsli və surəti)

⬜Azərbaycan ilə ailəvi və iqtisadi bağlılığınızı təsdiq edən sənədlər (əsli və 1 ədəd surəti)

Almaniyanın diplomatik nümayəndəlikləri Almaniya Federativ Respublikasının digər maraqlarını da nəzərə almalıdırlar. Buraya vizanızın müddəti bitdikdən sonra Almaniyanın ərazisindən vaxtında çıxmaq və ya qanuni olaraq sonrakı qalma məsələsinin nəzərdən keçirilməsi daxildir. Bu məqsədlə, ailə köklərinizi sübut edən sənədləri (məsələn, apostil edilmiş nikah şəhadətnaməsi, uşaqlarınızın  apostil  edilmiş doğum şəhadətnamələri və s.) təqdim edin. Həmçinin, hazırda və ya keçmiş iş yerinizi təsdiq edən sənədləri (məsələn, elektron „ƏMAS İş yerinə dair arayış“, bank hesabından çıxarışları, daşınmaz əmlaka sahibliyi təsdiq edən sənədlər, əmanət hesabları və s.) təqdim edin.

⬜Müəssisənin iş dili barədə işəgötürənin təsdiqi (1 surət) və ya əvvəllər əldə edilmiş dil biliklərini təsdiq edən sənəd (əsli + 1 adi surəti) : bu sənəddə əldə edilmiş dil səviyyəsi göstərilməlidir (məsələn, A1, A2, B1, ...).

Dil sertifikatı ALTE (Association of Language Testers in Europe) standartlarına uyğun olaraq sertifikatlaşdırılmış bir qurum tərəfindən verilməlidir. Tanınan qurumlara, digərləri ilə yanaşı, aşağıdakılar daxildir: "Goethe-Institut", "Österreichisches Sprachdiplom" (ÖSD), "TestDaF-Institut e.V." və A2 və daha yuxarı səviyyələr üçün – ELC. Müraciət zamanı sertifikatın verilmə tarixindən 12 aydan çox vaxt keçməməlidir.

⬜Mövcud olduğu təqdirdə: İxtisas və ya kvalifikasiyanı təsdiq edən sənədlər (diplomlar, sertifikatlar və ya əmək fəaliyyətini təsdiq edən sənədlər) – alman və ya ingilis dilinə tərcüməsi ilə birlikdə (əsli və bir (1) surəti). Xarici ölkələrdə əldə edilmiş ixtisas sənədləri üçün, adətən, leqallaşdırma və ya apostil, eləcə də tərcümə tələb olunur. Azərbaycanda əldə edilmiş ixtisas sənədləri üçün isə, viza müraciəti təqdim edilən zaman sənədlər müvafiq təsdiq (apostil) ilə təmin olunmalı və tərcümə edilmiş olmalıdır.

Tibbi sığortanın mövcudluğunu təsdiq edən sənəd

Viza müraciəti prosesi tamamlanmazdan əvvəl, Incoming adlandırılan tibbi sığorta təqdim edilməlidir.

Səhifənin əvvəlinə