Willkommen auf den Seiten des Auswärtigen Amts
Yük maşını sürücüləri
(Yaşayış haqında Qanunun 19c mad. və Məşğulluq haqqında Əsasnamənin 24a mad.)
Ümumi qeydlər
-
Alman və ya ingilis dilində tərtib olunmamış sənədlər, müvafiq qaydada təsdiqlənmiş alman dilinə tərcüməsi ilə birlikdə təqdim edilməlidir.
- Natamam viza müraciətlərinin müsbət nəticələnmə ehtimalı yoxdur. Əgər sənədlər toplusu natamamdırsa, viza prosesi üçün tələb olunan bütün sənədləri əldə etdikdən sonra görüş təyin etməyinizi tövsiyə edirik; bu, müraciətinizin rədd edilməsi ehtimalının qarşısını almağa kömək edəcəkdir.
- Sertifikatlar, diplomlar və bu kimi sənədlərin əsli təqdim olunmalıdır. Müraciətinizə baxıldıqdan sonra sənədlərin əsli Sizə geri qaytarılacaq.
- Bir qayda olaraq, viza üçün səlahiyyətli Miqrasiya İdarəsinin (Ausländerbehörde) və ya Federal Məşğulluq Agentliyinin (Bundesagentur für Arbeit) razılığı tələb olunur. Viza yalnız bu təsdiq alındıqdan sonra verilə bilər.
- Standart baxılma müddəti 12 həftəyə qədərdir.
- Viza müraciəti üçün uçuş bileti tələb olunmur – xahiş edirik, viza aldıqdan sonra uçuş biletinizi alın.
- Viza şöbəsi əlavə sənədlər tələb etmək hüququna malikdir.
- Xahiş edirik, standart baxılma müddəti ərzində müraciətinizin statusu ilə bağlı sorğular göndərməyəsiniz. Bu cür sorğular viza şöbəsinin iş yükünü əhəmiyyətli dərəcədə artırdığı üçün onlara cavab verilmir.
- Viza rüsumu 75 avro təşkil edir və nağd şəkildə, manat ilə (AZN) ödənilməlidir.
Ümumi məlumat
Müəyyən şərtlər daxilində peşəkar yük maşını sürücüləri Almaniyada tanınmış peşə təhsili olmadan da işə qəbul üçün viza ala bilərlər.
Almaniyada tamamlanmış və ya rəsmi tanınmış xarici peşəkar sürücü təhsilinə sahibsinizsə, peşə təhsilli mütəxəssis kimi işləmək üçün viza ala bilərsiniz. Bunun üçün Federal Məşğulluq Agentliyinin (Bundesagentur für Arbeit) razılığı tələb olunur. Xarici ixtisasın Almaniya təhsilinə bərabərliyi isə IHK FOSA-nın təsdiq sənədi ilə sübuta yetirilməlidir.
Tanınmış peşə təhsiliniz olmadıqda belə, yük və/və ya sərnişin daşınması üçün C1, C1E, C, CE, D1, D1E, D yaxud DE kateqoriyalı sürücülük vəsiqəniz varsa, müəyyən şərtlər daxilində Almaniyada peşəkar sürücü kimi işləyə bilərsiniz.
Variant 1: Avropa İttifaqı (Aİ) və ya Avropa İqtisadi Zonasına (AİZ) aid sürücülük vəsiqəsinə və tələb olunan ilkin peşə ixtisasına artıq sahibsinizsə, Məşğulluq haqqında Əsasnamənin 24a-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq, peşəkar sürücü kimi fəaliyyət göstərmək üçün iş vizasına müraciət edə bilərsiniz.
Variant 2: Tələb olunan Aİ/AİA ilkin kvalifikasiyaya sahib olduğunuz, lakin Aİ/AİZ sürücülük vəsiqəniz olmadığı təqdirdə, „Məşğulluq haqqında Əsasnamənin“ 24a-cı maddəsinin 2-ci bəndinə müvafiq olaraq peşəkar sürücü vizası ala bilərsiniz. Bu halda Almaniyadakı işəgötürən Almaniyada məskunlaşdığınız tarixdən etibarən altı ay tamam olana qədər yerli sürücülük vəsiqəsini vaxtında əldə edəcəyinizə dair zəmanət verməlidir.
Variant 3: Əgər Aİ/AİZ sürücülük vəsiqəniz və lazımi ilkin (baza) kvalifikasiya yoxdursa, Almaniyadakı işəgötürənin yanında müvafiq ixtisasartırma tədbirindən keçmək məqsədi ilə viza üçün müraciət edə bilərsiniz. „Məşğulluq haqqında Əsasnamə“nin 24a maddəsinin 2-ci bəndinə əsasən, Federal Məşğulluq Agentliyinin Aİ və ya AİZ sürücülük vəsiqəsi və ilkin kvalifikasiya tələb etməyən bir işdə çalışmaq üçün razılığı aşağıdakı şərtlər daxilində verilə bilər:
1. Əmək müqaviləsi Sizin üzərinizə tələb olunan Almaniya sürücülük vəsiqəsini və kvalifikasiyaları əldə etmək üçün nəzərdə tutulmuş tədbirlərdə iştirak etmək öhdəliyi qoyduqda,
2. İş şəraiti elə qurulur ki, işləməklə yanaşı, sənədlərin verilməsi də daxil olmaqla, 15 ay ərzində Almaniya sürücülük vəsiqəsini və kvalifikasiyanı əldə etmək mümkün olduqda,
3. Almaniya sürücülük vəsiqəsi vəkvalifikasiyaları əldə edildikdən sonrakı dövr üçün eyni işəgötürənin yanında yük daşınması və ya avtobuslarla sərnişin daşınması sahəsində peşəkar sürücü kimi çalışmaq üçün konkret iş təklifi mövcud olduqda və
4. Mənşə ölkənizdə peşəkar sürücü kimi fəaliyyət göstərmək üçün müvafiq sürücülük vəsiqəsinə sahib olduğunuzu sübut etdikdə.
Almaniyada yük daşımalarında və ya avtobusla sərnişin daşımalarında peşəkar sürücü kimi işə başlamaq üçün milli viza yalnız „TLScontact“ viza mərkəzi vasitəsilə müraciət edilə bilər. Viza mərkəzinin ünvanı: Xocalı prospekti 37, Demirçi Business Tower, 3-cü mərtəbə, AZ1025 Bakı, Azərbaycan. Görüş vaxtı almaq üçün bu keçidə daxil ola bilərsiniz.
Aşağıdakı sənədlər siyahısı müraciətinizin tam olub-olmadığını yoxlamağa imkan verir. Sadalanan bütün sənədlər tələb olunan formatda və ardıcıllıqla təqdim edilməlidir.
Viza müraciəti üçün Yoxlama Siyahısı
Hər bir müraciət üzrə aşağıdakı sənədlər tam dəst şəklində (əlavə olaraq orijinalları ilə birlikdə) təqdim edilməlidir. Sənədlərin ölçüsü A4 formatından böyük olmamalıdır.
⬜Tam doldurulmuş və imzalanmış bir (1) ərizə forması və Yaşayış haqqında Qanunun 18-ci maddəsinin 2-ci bəndinin Nr.4a uyğun olaraq təlimat
⬜Əgər lazım gələrsə, əlaqə saxlanılması və səlahiyyətləndirmə ilə bağlı tam doldurulmuş və imzalanmış bir (1) bəyannamə (yalnız Sizinlə birbaşa əlaqə saxlanılmasını istəmədiyiniz halda təqdim edilməlidir).
⬜Son dövrdə çəkilmiş, pasport standartlarına uyğun aktual bir (1) biometrik fotoşəkil (format üçün nümunəyə baxın)
⬜Etibarlı pasport (sahibi tərəfindən imzalanmış, ən azı üç (3) tam boş səhifəsi olan və ümumilikdə ən azı 15 ay etibarlılıq müddəti qalan)
⬜Şəxsiyyət vəsiqəsi və ya — Azərbaycan vətəndaşı olmayanlar üçün — Azərbaycanda yaşamaq üçün etibarlı icazə sənədi (əsli + 1 surət)
⬜Etibarlı pasportunuzun məlumat səhifəsinin bir (1) surəti
⬜C1, C1E, C, CE, D1, D1E, D və ya DE kateqoriyalı sürücülük vəsiqəsi (əsli və bir ədəd surəti)
⬜Mövcud olduğu təqdirdə: Aİ/AİZ ilkin (baza) kvalifikasiyaya dair təsdiq
Avropa Parlamenti və Şurasının 15 iyul 2003-cü il tarixli 2003/59/EC nömrəli Qərarına uyğun olaraq ilkin kvalifikasiya və ya „Peşəkar Sürücülərin İxtisası haqqında Qanun“un (BKrFQG) 2-ci maddəsinə əsasən ilkin kvalifikasiya və/və ya BKrFQG-nin 5-ci maddəsinə əsasən ixtisasartırma haqqında sənəd (əsli və 1 surəti).
⬜İşəgötürən tərəfindən doldurulmuş və imzalanmış forma: “Məşğulluq münasibətlərinə dair bəyannamə” və ona "əlavə D" (Əsli və ya Federal Məşğullaq Agentliyinin öncədən razılığı olduqda razılığın surəti yaxud elektron formada)
⬜İxtisasartırma tədbiri (kursu) zamanı əlavə olaraq başqa bir işdə çalışdıqda: Digər işəgötürən tərəfindən doldurulmuş və imzalanmış standart forma: "Əmək münasibətləri barədə bəyannamə" (Əsli və ya Federal Məşğullaq Agentliyinin öncədən razılığı olduqda razılığın surəti yaxud elektron formada)
⬜45 yaşına çatmış şəxslər üçün: ümumi pensiya sığortasındakı illik maksimum ödəniş həddinin 55%-nə bərabər olan əməkhaqqı (aylıq brutto 4.647,50,- € / illik brutto 55.770,- €) və ya qocalıq dövrü üçün kifayət qədər təminatın mövcudluğunu sübut edən sənədlər (əsli və 1 surəti)
Tibbi sığortanın mövcudluğunu təsdiq edən sənəd
Viza müraciəti prosesi tamamlanmazdan əvvəl, Incoming adlandırılan tibbi sığorta təqdim edilməlidir.