Willkommen auf den Seiten des Auswärtigen Amts
Milli viza müraciəti üçün tibbi sığorta təminatı
Almaniyada ümumi icbari tibbi sığorta öhdəliyi mövcuddur. Almaniyada yaşayış yeri olan hər bir şəxs Almaniyada lisenziyası olan bir tibbi sığorta şirkətində xəstəlik xərclərinə qarşı sığortalanmalıdır.
İcbari və ya özəl tibbi sığorta?
Almaniyada iki fərqli tibbi sığorta sistemi mövcuddur:
Almaniyanın icbari tibbi sığortasına daxil olmaqla, Siz hər zaman tam və yetərli sığorta təminatı əldə etmiş olursunuz.
İcbari tibbi sığorta şirkətlərinin siyahısını buradan tapa bilərsiniz. Sığortalanmağınızın mümkün olub-olmadığını öyrənmək üçün seçdiyiniz sığorta şirkətinə vaxtında müraciət edin. Ehtiyac yaranarsa, işəgötürən, ali təhsil ocağı və ya peşə təhsili müəssisəsi bu məsələdə Sizə dəstək ola bilər. İcbari tibbi sığortasına daxil olacağınız təqdirdə, seçdiyiniz sığorta qurumu viza prosesində təqdim etməyiniz üçün müvafiq ilkin təsdiq sənədi verə bilər.
İcbari tibbi sığorta üzrə sığorta təminatı, bir qayda olaraq, ölkəyə daxil olduqdan dərhal sonra qüvvəyə minmir. Buna görə də, ilk gündən sığortalı olmaq üçün Sizə əlavə olaraq "Incoming" tibbi sığortası lazımdır. Viza proseduru zamanı bu sığortanın sənədi də təqdim edilməlidir. Xahiş edirik diqqət yetirəsiniz ki, uzunmüddətli qalmağı planlaşdırmağınıza baxmayaraq, bu "Incoming" tibbi sığortası qüvvədə olsun (müqavilədə daimi məskunlaşma planına görə sığorta ödənişindən imtina bəndi olmamalıdır). Sığorta müqaviləsində daimi məskunlaşmaya görə sığorta ödənişindən imtina bəndi olmamalıdır)
Özəl tibbi sığorta, prinsip etibarilə, dövlət icbari tibbi sığortası ilə eyni səviyyədə təminat təklif etməlidir. Bu o deməkdir ki, sığorta müqaviləsində genişmiqyaslı xidmət məhdudiyyətləri və ya xəstəlik zamanı xərclərin ödənilməsinə dair limitlər yer almamalıdır. Eyni zamanda, müqavilədə müəyyən bir yaşa çatdıqda, əmək münasibətlərinə xitam verildikdə, qalma məqsədi dəyişdikdə və ya yaşayış statusu itirildikdə sığortaya xitam verən və beləliklə sığorta təminatınızın itirilməsinə yol açan bəndlər mütəmadi olaraq yer almamalıdır.
Bununla belə, dil kursu və ya "Şans kartı" kimi müvəqqəti səfərlər zamanı sığorta adətən müəyyən bir müddət üçün, ən azı tələb olunan vizanın müddəti qədər rəsmiləşdirilir. Belə vizalar üçün sığorta növləri əksər hallarda "Incoming" və ya "Expat" sığortası adlandırılır. Sığorta ən azı ambulator və stasionar müalicə xərclərinin ödənilməsini əhatə etməli və yalnız təcili hallar ilə məhdudlaşmamalıdır. Adi səyahət tibbi sığortası kifayət etmir. Xahiş edirik diqqət yetirəsiniz ki, hər hansı xroniki və ya əvvəldən mövcud olan xəstəliklər, eləcə də ehtiyac olduqda hamiləlik zamanı göstərilən xidmətlər sığorta təminatına daxil edilsin.
Təhsil və ya digər peşə təhsili formaları, təhsil və ya peşə təhsili yeri axtarışı, yaxud "Şans kartı" üçün viza aldığınız təqdirdə, Sizə müəyyən limit daxilində işləmək icazəsi verilir. Diqqət yetirməlisiniz ki, bu fəaliyyət ilə bağlı yarana biləcək tibbi halları da sığortanız tam əhatə etsin.
Bir qayda olaraq, yalnız Federal Maliyyə Nəzarəti Orqanı (BaFin) tərəfindən nəzarət edilən sığorta şirkətləri və Avropa İqtisadiyyat Birliyiyinin xidmət təminatçıları kimi təsdiqlənmiş digər Avropa ölkələrindən olan şirkətlər müvafiq özəl tibbi sığorta təmin etmək hüququna malikdirlər. Əlavə məlumatı sığorta şirkətindən əldə edə bilərsiniz. Bəzi xüsusi hallarda istisnalar mümkün ola bilər.
Bu şərtlərə əməl etməklə sığorta şirkətini seçmək tamamilə Sizin ixtiyarınızdadır. Federal Xarici İşlər Nazirliyi konkret hər hansı bir sığorta şirkətini tövsiyə etmək hüququna malik deyil.
Viza müraciəti üçün nələr tələb olunur?
Səfər məqsədinizdən asılı olaraq tələb olunan tibbi sığortanın əhatə dairəsi aşağıda qeyd edilmişdir. Bu siyahı tam siyahı deyil. Bəzi xüsusi hallarda istisnalara yol verilə bilər.
Viza növləri
Müəssisədaxili peşə təhsili alan şəxslər dövlət tibbi sığortası ilə təmin olunurlar. Xahiş edirik seçdiyiniz sığorta şirkətindən ilkin təsdiq arayışı təqdim edəsiniz. Viza proseduru zamanı, həmçinin dövlət tibbi sığortası qüvvəyə minənə qədər olan dövr üçün sığortanın mövcudluğuna dair sübut təqdim edilməlidir. Bunun üçün Almaniyada ilk üç ay ərzində keçərli olan '“Incoming“ sığortası kifayətdir. Adi səyahət sığortası yetərli deyil.
Təhsil və ya ixtisasartırma müddətində işləmədiyiniz təqdirdə, bir qayda olaraq, dövlət icbari tibbi sığorta sisteminə cəlb olunmayacaqsınız. Xahiş edirik dövlət tibbi sığortası ilə təmin edilib-edilməyəcəyinizi əvvəlcədən dəqiqləşdirəsiniz. Əgər bu nəzərdə tutulmayıbsa, Sizə ən azı vizanın bütün etibarlılıq müddətini əhatə edən özəl tibbi sığorta lazımdır. Sığortanın mövcudluğuna dair sübut sənədi viza proseduru zamanı təqdim edilməlidir. Sözügedən sığorta ən azı ambulator və stasionar müalicə xərclərinin ödənilməsini təmin etməli və yalnız təcili tibbi yardım halları ilə məhdudlaşmamalıdır. Adi səyahət tibbi sığortası kifayət etmir.
İxtisasartırma tədbirləri çərçivəsində işçi kimi çalışdığınız təqdirdə, bir qayda olaraq, dövlət icbari tibbi sığorta sisteminə cəlb olunursunuz. Xahiş edirik seçdiyiniz sığorta şirkətindən ilkin təsdiq arayışı təqdim edəsiniz. Viza proseduru zamanı, həmçinin dövlət tibbi sığortası qüvvəyə minənə qədər olan dövr üçün sığortanın mövcudluğuna dair sübut təqdim edilməlidir. Bunun üçün Almaniyada ilk üç ay ərzində keçərli olan '“Incoming“ sığortası kifayətdir. Adi səyahət sığortası yetərli deyil.
Icbari tibbi sığorta sisteminə cəlb olunmayacağınız təqdirdə, sizə ən azı vizanın bütün etibarlılıq müddətini əhatə edən özəl tibbi sığorta lazımdır. Sığortanın mövcudluğuna dair sübut sənədi viza proseduru zamanı təqdim edilməlidir. Sözügedən sığorta ən azı ambulator və stasionar müalicə xərclərinin ödənilməsini təmin etməli və yalnız təcili tibbi yardım halları ilə məhdudlaşmamalıdır. Adi səyahət tibbi sığortası kifayət etmir.
Dövlət ali təhsil müəssisəsinə və ya dövlət tərəfindən rəsmi akkreditasiya olunmuş ali məktəbə qəbul edilmiş 30 yaşınadək tələbələr, prinsip etibarilə, universitetə qeydiyyata alındıqları andan etibarən dövlət icbari tibbi sığorta sisteminə cəlb olunurlar. Viza proseduru zamanı, həmçinin dövlət tibbi sığortası qüvvəyə minənə qədər olan dövr üçün sığortanın mövcudluğuna dair sübut təqdim edilməlidir. Bunun üçün Almaniyada ilk üç ay ərzində keçərli olan '“Incoming“ sığortası kifayətdir. Adi səyahət sığortası yetərli deyil.
Xahiş edirik dövlət tibbi sığortası ilə təmin edilib-edilməyəcəyinizi əvvəlcədən dəqiqləşdirəsiniz. 30 yaşından yuxarı tələbələr üçün, bir qayda olaraq, bu artıq nəzərdə tutulmur. Daha gənc tələbələrin də seçim hüququ var və onlar bunun əvəzinə kifayət qədər təminatı olan özəl tibbi sığortaya üstünlük verə bilərlər. Sığortanın mövcudluğuna dair sübut sənədi viza proseduru zamanı təqdim edilməli və ən azı vizanın bütün etibarlılıq müddətini əhatə etməlidir. Sözügedən sığorta ən azı ambulator və stasionar müalicə xərclərinin ödənilməsini təmin etməli və yalnız təcili tibbi yardım halları ilə məhdudlaşmamalıdır. Adi səyahət tibbi sığortası kifayət etmir.
Zəhmət olmasa nəzərə alın ki, dövlət icbari tibbi sığortası "Studienkolleg" (universitetə hazırlıq kursu) və ya universitetə hazırlıq xarakterli dil kursunda iştirak edərkən hələ qüvvəyə minmir; bax: „Studienkolleg“ və ya „Dil kursu“ (№ 4 və 5).
"Studienkolleg" (universitetə hazırlıq kursu) müddətində dövlət icbari tibbi sığorta sistemi hələ qüvvəyə minmir. Viza proseduru zamanı Siz bu qalma məqsədi üçün nəzərdə tutulmuş və bütün viza müddətini, yaxud təhsilin başlanğıcınadək olan dövrü əhatə edən özəl tibbi sığortaya (əksər hallarda "Incoming" sığortası adlanır) dair təsdiq sənədi təqdim etməlisiniz.
Sözügedən sığorta ən azı ambulator və stasionar müalicə xərclərinin ödənilməsini təmin etməli və yalnız təcili tibbi yardım halları ilə məhdudlaşmamalıdır. Adi səyahət tibbi sığortası kifayət etmir.
Dil kursunda iştirak etdiyiniz təqdirdə, Sizə vizanın bütün etibarlılıq müddətini əhatə edən özəl tibbi sığorta (əksər hallarda "Incoming" sığortası adlanır) lazımdır. Viza proseduru zamanı bununla bağlı təsdiq sənədi təqdim edilməlidir.
Sözügedən sığorta ən azı ambulator və stasionar müalicə xərclərinin ödənilməsini təmin etməli və yalnız təcili tibbi yardım halları ilə məhdudlaşmamalıdır. Adi səyahət tibbi sığortası kifayət etmir.
Şagirdlər üçün, bir qayda olaraq, ən azı Viza Məcəlləsinin 15-ci maddəsinin tələblərinə cavab verən tibbi sığorta kifayət edir. Şagird mübadiləsi proqramlarında tez-tez kollektiv sığorta müqavilələri bağlanılır. Viza rəsmiləşdirilməsi prosesində vizanın bütün qüvvədə olma müddəti üçün etibarlı olan sığorta təsdiqi təqdim edilməlidir. Adi səyahət tibbi sığortası kifayət etmir.
Viza rəsmiləşdirilməsi prosesində vizanın bütün qüvvədə olma müddəti üçün etibarlı olan özəl tibbi sığortanın (çox vaxt "Incoming" sığortası adlanır) təqdim edilməsi tələb olunur.
Sözügedən sığorta ən azı ambulator və stasionar müalicə xərclərinin ödənilməsini təmin etməli və yalnız təcili tibbi yardım halları ilə məhdudlaşmamalıdır. Adi səyahət tibbi sığortası kifayət etmir.
Almaniyada işləyən şəxslər bir çox hallarda icbari tibbi sığorta sisteminin üzvü olurlar. Siz icbari tibbi sığorta şirkətini sərbəst seçə bilərsiniz. Sığorta şirkəti, bir qayda olaraq, əmək fəaliyyətinə başladığınız andan etibarən sığortalanacağınız barədə arayış verə bilər. Bundan əlavə, viza rəsmiləşdirilməsi prosesində icbari tibbi sığortaya daxil olanadək qalan müddət üçün sığorta təsdiqini təqdim etməlisiniz. . Bunun üçün Almaniyada ilk üç ay ərzində keçərli olan '“Incoming“ sığortası kifayətdir. Adi səyahət sığortası yetərli deyil.
İcbari sığorta üçün istisnalar, digər hallarla yanaşı, müəyyən bir gəlir səviyyəsindən etibarən qüvvədədir. Əgər Siz icbari tibbi sığortaya daxil olmayacaqsınızsa, özəl sığortanızın olacağını və bunun hansı şərtlərlə baş tutacağını təsdiq edən sənəd təqdim etməlisiniz. Sığorta şirkətinin qeyri-rəsmi xidmətlər təklifi adətən kifayət etmir.
Fərdi sahibkarlar, bir qayda olaraq, özəl tibbi sığorta müqaviləsi bağlamalıdırlar.
Sığorta şəhadətnaməsi viza rəsmiləşdirilməsi prosesində təqdim olunmalı və ən azı vizanın bütün müddəti üçün qüvvədə olmalıdır. Sözügedən sığorta ən azı ambulator və stasionar müalicə xərclərinin ödənilməsini təmin etməli və yalnız təcili tibbi yardım halları ilə məhdudlaşmamalıdır. Adi səyahət tibbi sığortası kifayət etmir.
"Au-pair" proqramı iştirakçısı kimi Sizin hamiləlik və doğum xərclərini də qarşılayan özəl tibbi sığortanız olmalıdır. "Au-pair" fəaliyyətindən irəli gələn mümkün zərərlər də sığorta təminatına daxil edilməlidir. Adi səyahət tibbi sığortası kifayət etmir.
Viza proseduru zamanı "Incoming"tibbi sığortasının təsdiqi kifayətdir. Sığorta bütün qalma müddəti üçün etibarlı olmalıdır.
Xahiş edirik nəzərə alasınız ki, əmək fəaliyyətinin növündən asılı olaraq, Almaniyanın icbari tibbi sığorta sistemində məcburi sığortalanma öhdəliyi də yarana bilər.
Əmək müqaviləsi olan tədqiqatçılar prinsip etibarilə icbari tibbi sığorta öhdəliyinə tabedirlər, bax: "Məşğulluq" (bənd 8).
Almaniyaya stipendiya və ya öz hesabına gələn tədqiqatçılar prinsip etibarilə özəl tibbi sığortaya malik olmalıdırlar və bu sığorta ən azı vizanın qüvvədə olma müddəti üçün təsdiq edilməlidir. Alternativ olaraq, onlar icbari tibbi sığorta sistemində könüllü sığortalanmaq seçimini də edə bilərlər.
Viza rəsmiləşdirilməsi prosesində vizanın bütün qüvvədə olma müddəti üçün etibarlı olan özəl tibbi sığortanın (çox vaxt "Incoming" sığortası adlanır) təqdim edilməsi tələb olunur.
Sözügedən sığorta ən azı ambulator və stasionar müalicə xərclərinin ödənilməsini təmin etməli və yalnız təcili tibbi yardım halları ilə məhdudlaşmamalıdır. Adi səyahət tibbi sığortası kifayət etmir.
Federal Könüllülər Xidməti (BFD), Könüllü Sosial İl (FSJ) və ya Könüllü Ekoloji İl (FÖJ) yaxud "weltwärts" proqramı çərçivəsində qalma müddətində Siz Almaniyanın icbari tibbi sığorta sistemində sığortalanacaqsınız. İcbari tibbi sığorta çərçivəsində sığorta təminatı, bir qayda olaraq, ölkəyə daxil olduğunuz andan birbaşa qüvvəyə minmir. Buna baxmayaraq, ilk gündən sığortalı olmaq üçün Sizə əlavə olaraq "Incoming" tibbi sığortası lazımdır. Bu sığortaya dair təsdiqi viza proseduru zamanı təqdim etməlisiniz.
Əgər təcrübə keçmə müvafiq təhsil və ya imtahan qaydalarında nəzərdə tutulubsa, bir qayda olaraq, Siz icbari tibbi sığorta sistemindən azadsınız. Buna görə də, viza proseduru zamanı bütün viza müddəti üçün özəl tibbi sığortanı (bir qayda olaraq "Incoming" / "Expat" sığortası) təqdim etməlisiniz. Sığorta ən azı ambulator və stasionar müalicə xərclərinin qarşılanmasını əhatə etməli, yalnız təcili tibbi yardım halları ilə məhdudlaşmamalıdır. Təcrübə fəaliyyətinizlə bağlı olan risklər sığorta təminatından istisna edilməməlidir. Adi səyahət tibbi sığortası kifayət etmir.
Könüllü təcrübə proqramları zamanı Siz, bir qayda olaraq, işçi kimi icbari tibbi sığorta sistemində sığortalanırsınız. Tələb olunan sığorta təsdiqinə dair məlumatları bənd 8-də tapa bilərsiniz.
Almaniyada icbari tibbi sığortası olan həyat yoldaşının və ya valideynin (yalnız yetkinlik yaşına çatmayanlar üçün) yanına köçən şəxslər də icbari tibbi sığorta sisteminə daxil edilə bilərlər. Lakin səfər zamanı və Almaniyada olduqları ilk dövrdə sığorta təminatına malik olmaq üçün onlar icbari sığortanın qüvvəyə mindiyi ana qədər olan müddət üçün "Incoming" sığortası bağlamalıdırlar. Bununla bağlı viza proseduru zamanı təsdiqedici sənəd təqdim etməlisiniz. Adi səyahət tibbi sığortası kifayət etmir.
Yanına köçmək istədiyiniz ailə üzvünün Almaniyada özəl tibbi sığortası varsa, bir qayda olaraq, Sizin də özəl tibbi sığortanız olmalıdır. Xahiş edirik, viza proseduru zamanı sığorta ilə bağlı təsdiqi təqdim edəsiniz.
Almaniya vətəndaşı ilə ailənin birləşməsi zamanı, bir qayda olaraq, tibbi sığorta təminatının təsdiq edilməsi tələb olunmur. Buna baxmayaraq, kifayət edən tibbi sığortanızın olmasına diqqət yetirməyiniz xahiş olunur.
Almaniya aşağıdakı ölkələr ilə tibbi sığorta sahəsini də əhatə edən sosial sığorta sazişləri bağlamışdır: Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, Serbiya, Türkiyə və Tunis.
Əgər Siz öz vətəninizdə sığortalı olaraq qalırsınızsa, bununla bağlı tibbi sığortanızdan viza rəsmiləşdirilməsi üçün arayışı ala bilərsiniz. Bu arayışda öz vətəninizdəki tibbi sığortanın xərcləri hansı həcmdə və hansı müddət üçün qarşılayacağı göstərilməlidir. Bu təsdiq, prinsip etibarilə, bütün viza müddəti üçün etibarlı olmalıdır.