Willkommen auf den Seiten des Auswärtigen Amts

Almaniya ilə münasibətlər

05.12.2017 - Məqalə

Aktuallaşdırılmışdır: fevral 2018

Siyasət

Azərbaycan Almaniyanı Qərbi Avropada əsas tərəfdaşlarından biri hesab edir. Federal xarici işlər naziri Frank-Valter Ştaynmayer Almaniyanın ATƏT-ə sədrliyi dövründə Cənubi Qafqaza səfər çərçivəsində 30 iyun 2016-cı il tarixində Bakıya səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir neçə dəfə Almaniyaya səfər edib, ən son səfəri  2016-cı ilin iyun ayında baş tutmuşdur. O, 2017-ci ildə Münhen Təhlükəsizlik Konfransında (MTK) iştirak etmişdir. MTK-da 2018-ci ildə xarici işlər naziri Elmar Məmmədyarov və energetika naziri Pərviz Şahbazov iştirak etmişdirlər.

İqtisadiyyat

Azərbaycan hökuməti Qərb şirkətləri ilə birgə 1994-cü ildən etibarən Xəzər Dənizinin yataqlarında neft və qaz hasil edir. Azərbaycanda neft gəlirləri və böyük investisiya layihələri sayəsində başlanan iqtisadi inkişaf öz əksini Almaniya ilə iqtisadi əlaqələrdə də tapmışdır. Azərbaycan Almaniya üçün Qafqazda ən vacib iqtisadi tərəfdaşdır. 2012-ci ilin payızında Alman-Azərbaycan Ticarət Palatasının təsis olunması ilə iqtisadi münasibətlər sabit institusional bünövrəyə qoyulmuşdur. 2016-cı ildə Almaniya Azərbaycandan təxminən 5 milyon ton neft idxal etmişdi (Azərbaycan xam neft təchizatçılarımızın arasında 5-ci yerdədir, bu ümumi təchizatların 12% -i təşkil edir).

Ticarət həcmi 2016-ci ildə 1.931 milyon avro təşkil etmişdir. 2016-ci ildə 317 milyon avro həcmində Azərbaycana ilk növbədə texniki avadanlıq, nəqliyyat vasitələri və  ehtiyat hissələri , dəmir-polad məhsulları habelə sənaye qurquları ixrac edilmişdir. Öz məhsullarını Azərbaycana ixrac edən ölkələr arasında Almaniya 6-cı yerdədir. Bəzi alman enerji şirkətləri neft-qaz sektorunda geoloji-kəşfiyyat və istehsal fəaliyyətlərinə maraq göstərirlər. 2015-ci ilin may ayında "Uniper" (Eon) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında birgə müəssisə yaradılmışdır.

İnkişaf naminə əməkdaşlıq

İnkişaf naminə əməkdaşlıq qeyri-neft sektorunda özəl sektorun inkişafını əhatə edir. Federal Əməkdaşlıq Nazirliyinin tapşırığı ilə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) normativ mühitin yaxşılaşdırılması, tələbatyönümlü peşə təhsilinin qurulması, turizm və kənd təsərrüfatı sahəsində kiçik və orta müəssisələrin gücləndirilməsində hökumətlə məsləhətləşmələr apararaq iqtisadiyyatın diversifikasiyasını dəstəkləyir.  Digər vacib layihələr maliyyə və texniki əməkdaşlıq çərçivəsində kredit sisteminin inkişafıdır. Növbəti əhəmiyyətli siyasi sahələr yaxşı yerli idarəetmə və bələdiyyələrin inkişafının dəstəklənməsi habelə biomüxtəlifliyin qorunmasıdır. Almaniya inkişaf naminə əməkdaşlıq çərçivəsində Azərbaycanın müstəqilliyi dövründə ölkənin inikşafı üçün ümumilikdə 600 milyon  avro ayırmışdı (əsasən maliyyə əməkdaşlığı çərçivəsində kreditlər şəklində)

Mədəniyyət və Təhsil

Mədəniyyət sahəsində münasibətlərin başlanğıcı 19-cu əsrin əvvəlinə təsadüf edir. Azərbaycanın qərb bölgəsində (indiki Göygöl, əvvəllər Helenendorf, indiki Şəmkir, əvvəllər Annenfeld) çoxsaylı abidələr (kilsələr də daxil olmaqla) 1818-1819-ci illərdən etibarən  burada məskunlaşmış şvabları xatırladır.

Almaniya Azərbaycanda müsbət imicə malikdir. 1995-ci ildə ikitərəfli „Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş“ imzalanmışdır. 2008-ci ildə Azərbaycan xaricdə öz ilk mədəniyyət ilini Almaniyada keçirir. Mədəniyyət sahəsinin vacib tərkib hissəsi olan Alman-Azərbaycan Mədəniyyət Birliyi „Kapellhaus“da yerləşir (protestant kilsəsinin əvvəllər musiqi salonu). İanələr sayəsində bərpa edilmiş tarixi binada il ərzində çoxsaylı mədəni tədbirlər təşkil edilir. 2017-ci ilin dekabr ayından etibarən Bakıda Goethe-Mərkəzi fəaliyyət göstərir.

Xarici dillər arasında alman dili rus və ingilis dillərindən sonra  üçüncü yerdədir və çoxsayli orta və ali məktəblərdə tədris olunur. Bakıda Goethe-Institutu və  Xarici Məktəblər üzrə Mərkəzi İdarə (ZfA) tərəfindən alman dilinin tədrisi dəstəklənən dörd PASCH-məktəbi vardır. Tiflisdəki Goethe-Institutunun alman dili tədrisi sahəsində fəaliyyətini Alman Dilinin Tədris Mərkəzi tərəfdaş qismində dəstəkləyir.

Alman Akademik Mübadilə Xidməti (DAAD) hər il çoxsaylı təqaüdlər verir və alimlərin mübadiləsini təşviq edir. Yalnız 2016-cı ildə Azərbaycandan 260-dan çox tələbə DAAD- təqaüdü almışdır. Ümumilikdə 1000-ə yaxın gənc azərbaycanlı Almaniyada təhsil alır. Alman və Azərbaycan universitetləri və tədqiqat institutları arasında 23 əməkdaşlıq mövcuddur. DAAD-in nümayəndəsi alman dili tədrisinin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində DAAD –Məlumat mərkəzini işlədir.

Ludviqshafen və Sumqayıt arasında şəhərlərarası tərəfdaşlıq, Bakı və Maynz arasında şəhərlərarası dostluq münasibətləri mövcuddur.

Qeyd:
Bu mətn əsas məlumatdır və müntəzəm olaraq yenilənir. Məlumatın düzgünlüyünə və tamlığına dair  zəmanət verilə bilməz.

Səhifənin əvvəlinə