Willkommen auf den Seiten des Auswärtigen Amts

“Mercedes” istehsal edə bilmək üçün Azərbaycana nə lazımdır? – Almaniya səfiri ilə müsahibə

Məqalə

Bakı, 12 mart 2018, AzVision.az

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab AZViSion-a müsahibə verib. Müsahibəni təqdim edirik.

Michael Kindsgrab 
Michael Kindsgrab © Botschaft

Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsgrab 27 aprel 1964-cü ildə Bielefeld-də anadan olub. 1993-cü ildən 1995-ci illədək Berlində Xarici İşlər Nazirliyinin siyasi şöbəsində natiq-referent, sonra 1995-ci ildən 1998-ci ilədək Nyu-Yorkda BMT yanında Daimi Nümayəndəliyin (BMT) siyasi şöbəsinin üzvü vəzifəsində çalışıb. 2016-cı ilin avqustundan Kindsgrab Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri vəzifəsini icra edir. Səfir Kindsgrab evlidir və üç övladı var.

- Yəməndən tutmuş, Avropa və Amerikaya qədər olduqca geniş coğrafiyada yerləşən ölkələrdə çalışmısınız. Harada diplomatik xidmət göstərmək sizə daha çətin gəlib?

- Diplomatik xidmətin gözəlliyi çox fərqli ölkələr və mədəniyyətlər ilə tanış olmaq imkanı qazanmaqdır. Digər tərəfdən, xaricdə diplomatik nümayəndəlikdə işləmək bəzən çətinliklər ilə də bağlı olur. törədir. 1990-cı illərin sonlarında Gürcüstanda olan iqtisadi vəziyyət və təhlükəsizlik ilə bağlı olan məsələlər oradaki işimi heç də asanlaşdırmadı. Bu nöqtəyi-nəzərdən Azərbaycandaki fəaliyyətimi ozüm üçün sərvət hesab edirəm. Məsələn, mən ele bir alman tanımıram ki, Bakıya səfərindən məmnunluq duymasın.

- Hər ölkədə diplomatik xidmətin özünəməxsus xüsusiyyətləri olur. Azərbaycanda səfir olmağın hansı fərqli nüansları var?


- Mən burada çox qonaqpərvər və açıq fikirli olan insanlarla tanış oldum. Almaniyaya olan maraq, Almaniya ilə müxtəlif əlaqələr yaratmaq istəkləri çox böyükdür.Əgər məndən olsaydı, həmsöhbətlərimi beynəlxalq ictimaiyyətlə işləyərkən açıq və rahat olmağa, bununla da öz ölkələrinə qarşı səmimi münasibət formalaşdırmağa təşviq edərdim.

- Gürcüstan üçün çox mürəkkəb dövrdə orada səfirin müavini işləmisiniz. Həmin dövrdən bu yana – yəni son 16-17 ildə CənubiQafqaz ölkələrinin keçdiyi yolu necə dəyərləndirə bilərsiniz?


- 15 il bundan əvvəl ilə indiki Gürcüstanı müqayisə etsək, gözəçarpan dəyişikliyin şahidi olarıq. Bu, təkcə şəhərlərin görünüşündə özünü təcəssüm etdirməyib. Gürcüstan Avropa İttifaqı ilə institusional quruculuq və əməkdaşlıq sahəsində böyük uğurlar qazanıb. Misal kimi 2017-ci ildə Gürcüstan və Aİ arasında vizaların ləğvi və iqtisadi inteqrasiyanın yüksək səviyyəsini göstərmək olar. Gürcüstan Avropa ilə əməkdaşlığın nələri qazandırdığını göstərir. Almaniya Cənubi Qafqazın hər üç ölkəsi ilə əməkdaşlıq edir. Biz gənc dövlətlərdə suverenliyi, iqtisadi inkişafı və hüquqi-demokratik proseslərin irəliləməsini dəstəkləyirik.

- Avropa İttifaqının Cənubi Qafqazla bağlı əsas istəyi və narahatçılığı nədir? Yəni sadə dillə desək, Aİ bu bölgədə nəyin olmağını istəyir, nəyi isə istəmir? Ümumiyyətlə, Avropa İttifaqının vahid xarici siyasət maraqlarından danışmaq nə dərəcədə düzgündür?

- Avropa İttifaqı regionda ümumi siyasət aparır. Avropa Azərbaycanla sıx dialoqa maraq göstərir. Yeni müqavilə əməkdaşlığın bütün sahələrini əhatə etməlidir. Ötən ilin əvvəlindən AB ilə Azərbaycan arasında danışıqlar aparıldı və mən əminəm ki, onlar tezliklə başa çatacaq.

-Azərbaycanın bölgələrində tez-tez olursunuz. Sadə azərbaycanlılar haqqında sizdə hansı təəssürat yaranıb?

- Bakıda olmağı xoşlayıram, mədəni cəhətdən çox zəngin və yaşana biləcək bir şəhərdir. Buna baxmayaraq, mənim üçün regionları müntəzəm olaraq ziyarət etmək çox vacibdir. Ayda ən azı bir dəfə rəsmi olaraq regionlara səyahət etməyə çalışıram. Bundan əlavə, tez-tez ailəmlə birlikdə boş vaxtlarımda bölgələri ziyarət edirəm. Azərbaycan dövləti regionların inkişafına kifayət qədər vəsait ayırır. Almaniyanın inkişaf naminə əməkdaşlıq çərçivəsində Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyətli hissəsi regionlarda baş tutub. Biz Almaniyanın ali məktəbləri ilə regionda yerləşən Azərbaycan universitetləri arasında əlaqələr qurmaq üçün də çalışırıq.


- Almaniya-Azərbaycan əlaqələrinin hazırkı durumundan məmnunsunuzmu?

- Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən vacib iqtisadi tərəfdaşıdır, xam neftin ən böyük tədarükçülərindən biridir. Rusiyadan sonra MDB məkanında Alman Ticarət Palatasının yerləşdiyi yeganə ölkədir. Biz Azərbaycan hökumətinin iqtisadi diversifikasiya siyasətini alqışlayırıq. Alman şirkətləri, xüsusən də kiçik və orta müəssisələr bu şaxələndirmə prosesinə öz töhfələri verə bilərlər.

Bizim mədəni əlaqələrimiz də dinamik inkişaf edir. Alman Akademik Mübadilə Xidməti azərbaycanlı gənclərin Alman universitetlərində təhsil almağa azalmayan marağını alqışlayır. Xüsusən ötən il Göte Mədəniyyət Mərkəzinin Bakıda fəaliyyətə başladığından məmnunam. Bu qısa müddətdə təşkil olunmuş konsertlər, sərgilər və tədbirlər Azərbaycan auditoriyasında böyuk maraq oyadıb.

2017-ci ildə alman icmasının Azərbaycanda, Helelendorfda indiki adla isə Göygöldə məskunlaşmasının 200 ili tamam oldu. Bu yubiley bizə onu xatırladır ki, xalqlarımız arasında olan münasibətlər uzun, müxtəlif və həmçinin çox məhsuldar tarixə dayanır.

- Necə düşünürsünüz, yaxın gələcəkdə “Mercedes” istehsal edə bilmək üçün - əlbəttə ki, söhbət şərti olaraq “Mercedes”dən gedir,- bizə nə lazımdır?

- Hər bir uğurlu iqtisadiyyatın hərəkətverici qüvvəsi insanlardır.
Bu səbəbdən investisiya və istehsalat ölkəsi olan Azərbaycan üçün təhsil həlledici amildir. Beynəlxalq rəqabətdə mövcud ola bilmək üçün müasir standartlar və ticarət rejimlərinə qoşulma böyük əhəmiyyət daşıyır, çünki onlar keyfiyyətin təminatçısıdır və xərcləri azaldır. Almaniya Aİ ilə birlikdə bu yolda Azərbaycanı dəstəkləyir. Son olaraq, hüquqi təhlükəzilik və zəmanətlər də ölkəni investorlar üçün cəlbedici edir. İqtisadi subyektlər hüquq sisteminin müstəqilliyinə, əsas hüquqlarının və qanun qarşısında bərabərliyin qorunmasına etibar edə bilməlidirlər.

Oxşar məzmunlar

Səhifənin əvvəlinə